Son dövrlər kirayə verilən evlərin vergiyə cəlb olunması məsələsi aktuallaşıb. Bəzi mütəxəssislər bildirirlər ki, kirayə verilən evlər mütləq şəkildə vergiyə cəlb edilməlidir, onların sahibləri konkret məbləğdə vergi ödəməlidirlər. Bir sıra ekspertlər deyirlər ki, kirayə evlərin vergiyə cəlb edilməsi bu sahədə güclü bahalaşmaya yol açacaq, kirayə mənzillər bahalaşacaq. Nəzərə alsaq ki, kirayə mənzilə tələbatı olanlar gənc ailələrdir, evsizlərdir, iqtisadi cəhətdən elə də yüksək gəliri olmayan şəxslərdir, tələbələrdir, ona görə də qiymətlərin bahalaşmasına yol vermək olmaz.
Kirayə mənzillərə vergi tətbiq edilərsə, necə etmek olar ki, bu bahalaşmaya yol açmasın, kirayə mənzillərin qiyməti qalxmasın?
Qeyd edək ki, kirayə verilən evlərin vergiyə cəlb olunması istiqamətində işlərin görülməsi hədəfdədir.
“Kirayə mənzilin sahibi qiyməti qaldırmağa cəhd edəcək ki, vergiyə ödədiyi məbləği kompensasiya etsin, bu halda isə qarşı tərəfin müqaviməti ilə rastlaşacaq”
Əmlak eksperti Nüsrət İbrahimovun sözlərinə görə, bu gün kirayəyə verilən evlərin bir çoxu müqaviləsiz və qeydiyyatdan keçməmiş verilir: “Bu da son nəticədə müəyyən problemlərə, risklərə, həmçinin vergidən yayınmalara gətirib çıxarır”.
Onun sözlərinə görə, bu problem tək bizdə deyil, bütün MDB ölkələrində var: “Əgər zonalar üzrə müqayisə etsək, Bakı şəhərinin mərkəzindəki evlərin əksəriyyəti müqavilə ilə kirayəyə verilir və onların vergisi də əsasən ödənilir. Amma kənarlarda, xüsusən də kütləvi yaşayış yerlərində kirayə verilən evlərin əksəriyyəti müqaviləsizdir. Bahalı bağ evləri və villalar da əsasən müqavilə ilə kirayəyə verilir. Düşünürəm ki, zamanla bu məsələ də həllini tapacaq. Hazırda vergi orqanları iri ticarət mərkəzlərində, iri müəssisələrdə vergi toplanması ilə məşğuldurlar. Həmin yerlərdə nizam-intizam yarandıqdan sonra yəqin ki, kirayə verilən evlərin də vergiyə cəlb olunması istiqamətində addımlar atılacaq”.
Qiymət artımının qarşısının hansı şəkildə almağın mümkün olduğuna gəlincə, N.İbrahimli bildirdi ki, bu məsələ müdaxilə ilə tənzimlənə bilməz, qiymət məsələsini bazar özü tənzimləyəcək: “Adətən bu kimi məsələlərdə qiymətləri bazar özü tənzimləyir. Bu səbəbdən də qiymətləri bazarın ixtiyarın buraxmaq lazımdır. Şübhəsiz, vergiyə cəlb edilən kirayə mənzilin sahibi qiyməti qaldırmağa cəhd edəcək ki, vergiyə ödədiyi məbləği kompensasiya etsin, bu halda isə qarşı tərəfin müqaviməti ilə rastlaşacaq. Yəni kirayə götürənin müqaviməti ilə üz-üzə qalacaq. Tutaq ki, vətəndaş 600 manat maaş alır və onun da 250 manatını kirayəyə verib qalanı ilə ailəsini dolandırır. Amma kirayə mənzilini 350 manata qaldıran mənzil sahibi təbii olaraq kirayəçinin müqaviməti ilə qarşılaşacaq. Mənzil sahibi qiyməti salmadığı təqdirdə onun evini tərk edib gedib daha ucuz mənzil kirayələyəcək. Bizim ölkələr kimi ölkələr belə yol keçirlər və bazar tədricən özü özünü təzimləyir. Demirəm ki, kirayə mənzillər vergiyə cəlb edildikdən sonra bu sahədə qiymət artımı olmayacaq, olacaq, amma tədricən tənzimlənəcək”.
N.İbrahimli hesab edir ki, kirayə mənzillər vergiyə cəlb edildikdən sonra qiymət artımı ən azından iki-üç il davam edəcək, qiymətlər tədricən artacaq: “Vergiyə cəlb edilmə prosesindən sonra qiymət artımı bir neçə il davam edəcək. İnsanlar da buna tədricən uyğunlaşırlar və öz gəlirlərini artırmağa cəhd edirlər. Əvvəl 600 manat alan adam bu halda maaşının artırılması ilə bağlı işə götürənin qarşısına tələb qoyacaq. Bu məsələni bazar özü tənzimləyəcək”.
Digər ekspertlər isə hesab edirlər ki, bütün mümkün variantlardan istifadə edərək kirayə mənzillərin qiymətinin bahalaşmasının qarşısının alınması daha vacibdir. Ekspertlərin sözlərinə görə, vergi məbləği elə qoyulmalıdır ki, o mənzil sahibinin qiymət artımına yol verməsinə səbəb olmasın.
İradə SARIYEVA