Ötən əsrin 90-cı illərinin sonlarında hər bir vətəndaşa əvəzsiz olaraq verilən 4 çekdən ibarət özəlləşdirmə paylarının tədavül müddəti başa çatıb. Lakin yüzminlərlə insan hələ də bu çekləri saxlayır və nə zamansa yenidən işə yaracağına ümid edir.
O da məlumdur ki, çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb və vətəndaşlar onlara məxsus olan vauçerləri sata bilərdilər. Ancaq nəzərə alanda ki, özəlləşdirmə çekləri təyinatı üzrə istifadə edilməyib və faktiki olaraq ölkə vətəndaşları bu prosesdən kənarda qalıb, bu xüsusda prosesi başlamadan bitmiş saymaq olar. Halbuki, özəlləşdirməyə çıxarılan dövlət obyektlərinin 15 faizi öz işçilərinə, 55 faizi çek hərracına çıxarılmalı idi. 30 faizi isə investorları cəlb etmək üçün nəzərdə tutulmuşdu.
Azərbaycan İnvestisiya Holdinqinin yaradılması, əksər dövlət qurumlarının Holdinqin tərkibinə verilməsi, bəzi dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılması ilə bağlı öhdəlik götürməsi özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən uzadılacağı ilə bağlı ümidləri də artırıb.
Qeyd etdiyimiz kimi, son zamanlar özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən artırıması müzakirə olunur. Qeyd olunur ki, özəlləşdirmə çeklərinin istifadə müddəti artırılarsa, bu ölkə iqtisadiyyatının inkişafına səbəb olacaq. Xüsusən də, bu hal yerli və xarici investorlar üçün stimul olacaq. Birsözlə, çeklərin yenidən istifadəyə yararlı olması sahibkarlığın inkişafına səbəb ola bilər.
“Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması bir instrument kimi yerli və xarici investorların cəlb edilməsinə stimul verə bilər”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, çeklər qiymətli kağızdır: “Özəlləşdirmə payları insanların haqqıdır. Bu çeklərin yenidən tədavülə buraxılması əhalinin sosial rifahına müsbət təsir edəcək. Nəzərə almaq lazımdır ki, özəlləşdirmə çekləri alqı-satqı məsələlərində insanların fəallığını artıracaq. Elə insanlar var ki, onlar hələ də həmin çekləri saxlayır. Çeklər yenidən dövriyyə buraxılarsa ölkədə kiçik sahibkarlıqla məşğul olanların sayı da artar”.
Iqtisadçı onu da əlavə etdi ki, özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması bir instrument kimi yerli və xarici investorların cəlb edilməsinə stimul verə bilər.
Günel CƏLİLOVA