Azərbaycan iqtisadiyyatının pandemiya böhranından çıxışı niyə belə tez baş verir?

Vüqar Bayramov: “İqtisadiyyatın neft-qaz sektorunda 4,7 faiz azalmanın olmasına baxmayaraq, qeyri-neft sektorunda inkişaf qeydə alınıb”

img

“Altı ayın yekunları göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız 2 faiz artıb. Bu, yaxşı göstəricidir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib. Prezident qeyd edib ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir: “Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür”.

Qeyd edək ki, pandemiya dövrü hələ tam bitməyib, ancaq Azərbaycan iqtisadiyyatı artıq inkişafa nail olur.

  • “Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və yumşalmalara gedilməsi ilə bağlıdır”

Azərbaycan iqtisadiyyatının inkişafı haqqında danışan millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, cari ilin birinci yarısında ölkə iqtisadiyyatında 2 faizə yaxın artım qeydə alınıb: “Artımın əsas səbəbi qeyri-neft sektorunda qeydə alınan inkişafla bağlıdır. İqtisadiyyatın neft-qaz sektorunda 4,7 faiz azalmanın olmasına baxmayaraq, qeyri-neft sektorunda inkişaf qeydə alınıb. Onu da nəzərə almaq lazımdır ki, pandemiya hələ davam edir. Pandemiyanın davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempini yenidən bərpa etdi. Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və yumşalmalara gedilməsi ilə bağlıdır. Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı, həmçinin məşğulluğun təmini baxımdan da vacibdir. Bu kontekstdən vaksinasiya səviyyəsi yüksələrsə, yoluxma sayı optimallaşarsa, real sektorda məhdudiyyətlərin tətbiqinə yenidən ehtiyac yaranmaz və bu da iqtisadiyyatdakı artım tempinin növbəti aylarda da qorunub saxlanmasına imkan verər”.

Günel CƏLİLOVA

Son xəbərlər