Dünya bazarında şəkərin durmadan bahalaşması Azərbaycanda da özünü göstərə bilər...

Natiq Cəfərli: “Dünyada şəkərin bahalaşmasının Azərbaycana təsirləri olacaq”

img

Son zamanlar dünya bazarında şəkərin qiyməti bahalaşmaqda davam edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaydığı məlumata əsasən, şəkərin qiymət indeksi 2021-ci ilin may ayı ilə müqayisədə iyun ayında 0,9% artıb. İndeks ardıcıl üçüncü aydır ki, yüksəlir. Onu da qeyd edək ki, ötən ilin iyun ayı ilə müqayisədə şəkər qiyməti indeksi 41,7 faiz artıb.

Azərbaycanda da şəkər istehsalının artması üçün müəyyən işlər görür. Məlumat üçün bildirək ki, cari ilin əvvəlində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Şəkər çuğunduru istehsalının inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. Tədbirdə qeyd olunub ki, aqrar sahənin inkişafı, o cümlədən şəkər çuğunduru istehsalının artırılması üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. Görülən tədbirlər nəticəsində 2020-ci ildə şəkər çuğunduru istehsalında yüksək məhsuldarlığa nail olunub. Respublikamızda şəkər çuğunduru istehsalı kənd təsərrüfatında vacib sahələrdən biri olduğundan bu sahədə məhsuldarlığın daha da artırılmasının vacib olduğu vurğulanıb.

Qeyd etdiyimiz kimi, dünyada şəkərin qiyməti qalxmaqda davam edir. Maraqlıdır, şəkərin qiyməti ilə bağlı dünyada yaşanan bahalaşmanın Azərbaycan bazarına təsir edəcəkmi? Azərbaycan bazarında da şəkərin qiyməti qalxa bilərmi?

  • “İndiki qiymətlər daha sərfəlidir və ona görə də daxili istehsalı artırmaq haqqında düşünmək lazımdır”

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, dünyada şəkərin bahalaşmasının Azərbaycana təsirləri olacaq: “Çünki ölkəmizdə də daxili tələbatın ödənilməsində xaricdən gətirilən şəkərin payı yüksəkdir. Bu, nəticədə Azərbaycanda da şəkərin qiymətinin artması ilə müşahidə olunacaq. Biz daha çox Ukraynadan şəkər alırıq. Yəqin ki, Ukraynadan aldığımız şəkərin qiymətində də gələcəkdə yenidən artımların müşahidə olunması gözləniləndir.Məlumdur ki, İmişlidə şəkər zavodu fəaliyyət göstərir. İndiki qiymətlər daha sərfəlidir və ona görə də daxili istehsalı artırmaq haqqında düşünmk lazımdır. Daxili tələbatı ödəmək üçün yerli istehsalı artırmaq mümkündür. Daxili təlabat tam şəkildə təmin olunandan sonra xaricə satmaq da olar. Onu da nəzərə almaq lazımdır ki, daxili tələbatı ödəmək üçün İmişli şəkər zavodunun potensialı mövcuddur. Çalışmalıyıq ki, şəkər çuğundurunun əkini artsın. Amma hələlik bir müddət yenə də şəkəri xaricdən almağa məcbur olacağıq”.

Günel CƏLİLOVA

Son xəbərlər