Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1162,4 milyon dollar təşkil edib və 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,1 faiz artıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumatda qeyd olunur ki, “İxrac İcmalı”nın məlumatına görə, ölkəmizdə həyata keçirilən kompleks tədbirlər nəticəsində koronavirus (COVID-19) pandemiyasının qeyri-neft ixracına mənfi təsirləri azaldılıb və ixracda dinamik artıma nail olunub.
Qeyd edilən müddətdə şəkər ixracı 2,5 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2,4 dəfə, pambıq ipliyinin ixracı 2,4 dəfə, pambıq lifi ixracı 2,1 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 49 faiz artıb.
“...kimya sənayesi məhsullarının ixracında da artım qeydə alınır”
Qeyd etdiyimiz kimi, cari ilin 6 ayında qeyri-neft sektoru üzrə ixrac artıb. Məlum sahə üzrə ixracın artması barədə fikir bildirən iqtisadçı-ekspert Əli Əlirzayev nəzərə çatdırdı ki, Azərbaycanın qeyri-neft ixracatında Türkiyənin payı artıb: “Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkə Türkiyə olub. Türkiyədən qeyri-neft məhsullarımıza sifarişin həcmində artımlar var və bu da ümumi ixracatı artırır. Məlumat üçün bildirim ki, bu il Azərbaycanla Türkiyə arasında 15 əsas mal qrupu üzrə preferensial ticarət rejimi qüvvəyə minib. Bu hal iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir göstərməkdədir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qeyri-neft məhsullarının ixracının artması səbəblərindən biri də aqrar məhsullara olan tələbatdır: “Məlumdur ki, kənd təsərrüfatı məhsulları daha çox Rusiyaya ixrac olunur. Rusiya ilə yanaşı, Avropa ölkələrinə də aqrar məhsullar ixrac olunur. Onu da nəzərə almaq lazımdır ki, qeyri-neft sektoru deyəndə ərzaq məhsulları başa düşülməməlidir. Kimya sənayesi məhsullarının ixracında da artım qeydə alınır”.
Həmsöhbətimizin sözlərinə görə, pandemiyaya görə hələ ixrac olunan məhsulların səviyyəsi azalıb: “Pandemiya ilə əlaqədar olaraq məhsulun gedişi, çatdırılması ilə bağlı ölkələrin müəyyən şərtlər irəli sürməsi ixrac olunan məhsullun həcminə təsir edib. İnşallah, dünyanı cənginə alan koronavirus infeksiyası tam şəkildə bitər, o zaman ölkəmizdən ixrac olunan qeyri-neft məhsullarının həcmi daha da artar”.
Günel CƏLİLOVA