Dünya Bankının yeni hesabatı yayılıb. Hesabatda Azərbaycanda iqtisadi artımın olacağı proqnozlaşdırılır. Hesabatda qeyd edilib ki, bu il Azərbaycan iqtisadiyyatı 1,9 faiz, gələn il isə bundan 2 dəfə çox, yəni 4,5 faiz artacaq.
Sənəddə, həmçinin, 2020-ci ildə Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz regionunda 2,5 faiz iqtisadi artım olacağı qeyd olunub: “Bu artım koronavirus (COVID-19) pandemiyasının zəifləməsi, Qarabağ münaqişəsinin həlli, istehlakçı və işgüzar inamın artması, həmçinin, turizm sektorunun tədricən bərpası hesabına təmin olunacaq. Neft qiymətləri sabitləşdikcə, iqtisadiyyat investisiya və yenidənqurma xərclərindən bəhrələndikcə, Azərbaycanda iqtisadi fəaliyyətin genişlənəcəyi gözlənir. Bundan başqa, Ermənistanla Azərbaycan arasında sülh bəyanatının bölgədəki geosiyasi gərginliyi azaltmağa kömək edəcəyi gözlənir”.
Maraqlıdır, Dünya Bankının proqnozunu ekspertlər necə dəyərləndirirlər?
“Sərbəstləşmə nə qədər genişlənərsə, bu bir o qədər iqtisadiyyata müsbət təsir edəcək”
Məsələyə münasibət bildirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyev Dünya Bankının dəyərləndirməsinə bir neçə aspektdən yanaşdı: “Məlum olduğu kimi, pandemiya iqtisadi aktivliyə mənfi təsir edir. Çünki pandemiya səbəbindən insanlar aktiv iqtisadi fəaliyyətlə məşğul ola bilmirlər. Təbii ki, pandemiya zəiflədikcə, bu, iqtisadi artıma da öz müsbət təsirini göstərəcək. Sərbəstləşmə nə qədər genişlənərsə, bu bir o qədər iqtisadiyyata müsbət təsir edəcək. Nəticədə iqtisadi artım yüksələcək. İşğaldan azad edilən ərazilərin iqtisadiyyata cəlb olunması müsbət haldır. Ancaq bunun iqtisadi artıma təsiri tez özünü göstərməyəcək. Ən azından, bu il bunun hansısa təsiri olmayacaq. Çünki orada görüləsi çox iş var. Ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yaradılması prosesi gedir. Ondan sonra əhalinin ora köçməsi prosesi başlayacaq. Həmin ərazilərdə əhali iqtisadi fəaliyyətə başlayandan sonra bunun konkret nəticəsini görəcəyik. Neftin qiymətinin artması və digər amillərlə yanaşı, aparılan islahatların nə dərəcədə səmərə verməsi də iqtisadi artıma öz təsirini göstərəcək. İslahatların aparılması, rəqabət mühitinin daha da yaxşılaşdırılması iqtisadi fəaliyyəti genişləndirir. Eynu zamanda, şəffaf fəaliyyət real artımı ortaya qoyur. Bütün bunların kompleks şəkildə həyata keçirilməsi iqtisadi artımın daha çox olmasında önəmli rol oynayacaq”.
Ekspertin fikrincə, ümumilikdə, iqtisadiyyatda müsbət irəliləyişlər gözlənir.
Vidadi ORDAHALLI