Son illər Azərbaycanda bank sektorunun vəziyyəti ürəkaçan deyil. bankların maliyyə vəziyyətinin pisləşməsi onlar üçün bağlanma təhlükəsinə səbəb olur.
Məlumat üçün bildirək ki, Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün ötənilki xalis mənfəəti əvvəlki illə müqayisədə çox olub. Bunlar “Kapital Bank”, “Turan Bank”, “Naxçıvan Bank” və “PAŞA Bank”dır. Qeyd edək ki, mənfəətini ən çox artıran “Kapital Bank”, ən az artıran isə “PAŞA Bank” olub. 16 bankın isə (xalis) mənfəəti azalıb. Bunlar “AFB Bank”, “Bank VTB Azərbaycan”, “Xalq Bank”, “Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı”, “Zıraat Bank Azərbaycan”, “Bank of Baku”, “Unibank”, “Premium Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Express Bank”, “Yapı Kredi Bank Azərbaycan”, “Bank Respublika”, “Bank Avrasiya”, “Rabitəbank” və “Günay Bank”dır.
Mənfəəti ən az azalmış bank “AFB Bank”, ən çox azalmış bank isə “Günay Bank”dır.
Məlumat üçün onu da qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-ü 2020-ci ili zərərlə başa vurub. Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Bank BTB” və “Yelo Bank”dır.
Onu da vurğulayaq ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov bununla bağlı keçirilən brifinqdə bildirdi ki, digər banklarda da yoxlamalar aparılır və bağlanan dörd bankıın aqibəti digərlərini də gözləyə bilər.
Maraqlıdır, 2020-ci ili zərərlə başa vuran bankların bağlanma təhlükəsi varmı?
“...bankları çətin dönəm gözləyir”
Məsələ ilə bağlı fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, bank sektorunun vəziyyətinin ağırlaşması bəzi bankların bağlanmasına səbəb olacaq: “Müşahidələr bəzi bankların bağlanma ehtimalı olduğunu göstərir. Bankların nə səbəbdən zərərlə işlədiyi başadüşüləndir. Nəzərə almaq lazımdır ki, pandemiya ilə bağlı olaraq fiziki şəxslər və sahibkarlar kreditlərin ödənilməsində çətinlik çəkirlər. Buna görə də bankların problemli kreditləri artıb, verdiyi kreditlər qayıtmır. Belə olan halda, banklar ehtiyatlarını artırmaq məcburiyyətində qalırlar. Ehtiyatı artırmaq üçün kapital tapa bilməyən bankların isə bağlanma təhlükəsi var. Bankları çətin dönəm gözləyir”.
Günel CƏLİLOVA