Böyük Britaniyanın nüfuzlu “The London Post” qəzeti “Azərbaycan ən yaxşı investisiya məkanıdır” başlıqlı yazı dərc edib.
Yazıda son 15 ildə iqtisadiyyatını üç dəfə böyüdən Azərbaycanın qarşıdakı 10 illikdə daha iki dəfə böyümə hədəfinin olduğu xüsusi olaraq vurğulanır: ““Dünya investisiya hesabatı - 2020”də 2014-2019-cu illərdə ən çox birbaşa xarici sərmayə cəlb edən TOP-3 keçid ölkəsindən biri kimi qiymətləndirilən Azərbaycan həm də “Doing Business” hesabatında ən islahatçı 10 ölkədən biridir. Regionda dördüncü sənaye inqilabının ilk mərkəzini yaradan və davamlı inkişaf indeksinə görə lider olan Azərbaycanda əlverişli biznes mühiti, təklif edilən özəlləşdirmə gündəliyi və dövlət-özəl əməkdaşlıq imkanları, həmçinin, Qarabağda bərpa prosesi yeni investisiya dalğası yaradacaq. Azərbaycanın müəllifi olduğu yeni regional arxitektura, kommunikasiya və iqtisadi əlaqələrin bərpası bölgənin sərmayə cəlbediciliyini artırıb”.
Məqalənin sonunda qeyd edilir ki, Azərbaycanda xarici sərmayələr üçün təşviqlər və qarantiyalar mövcuddur.
“...siyasi və makroiqtisadi sabitlik, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi...”
İqtisadçı-ekspert Kamran Məmmədli qeyd etdi ki, beynəlxalq arenada ölkənin artan nüfuzu, siyasi və makroiqtisadi sabitlik, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib.
Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycanda biznesin durumunun dəyərləndirilməsində ən çox istinad edilən beynəlxalq mənbə sayılır. Müxtəlif vaxtlarda Azərbaycanın göstərdiyi nəticələr ölkəmizdə davam edən islahatların inkişaf dinamikasını özündə əks etdirir: “Məlumdur ki, son illər ölkəmizdə aparılan iqtisadi islahatlar ölkənin imicinə müsbət təsir edib. Həmçinin, işğalçı ölkə ilə mübarizədə Azərbaycanın qalib olması ölkənin nüfuzunun artmasına səbəb olur. Qarşıdakı illərdə Azərbaycana yatırılacaq investisiyaların həcmi daha da artacaq”.
Günel CƏLİLOVA