Azərbaycanda uzun müddətdir ki, istehlak kreditləri haqqında xüsusi qanunun qəbul edilməsi təklif olunur. Müxtəlif təkliflərə baxmayaraq, qanunun qəbul edilməsi hələ də uzanır.
Nəzərə almaq lazımdır ki, ölkəmizdə istehlak kreditləri ilə bağlı çoxlu sayda problem yaşanır. Əsasən istehlakçıların hüquqları pozulur. Bu səbəbdən də istehlak kreditləri haqqında qanunun qəbul olunması vacib sayılır.
“...banklar qarşı çıxırlar”
Məsələ ilə bağlı fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, istehlak kreditləri haqqında qanunun qəbulunu zəruri edən səbəblər çoxdur: “Məlumdur ki, sadə insanların maliyyə savadının olmaması, bağlanan müqavilələri oxumaması, kredit verən təşkilatlar tərəfindən müqavilə sənədinin birtərəfli hazırlanması belə bir qanunun qəbulunu zəruri edir. İnsanların böyük əksəriyyətinin maliyyə savadı yoxdur. Bu, normal bir haldır və insanlardan maliyyə savadının olmasını tələb etmək düzgün deyil. Kredit verən tərəf olan banklar, digər kredit təşkilatları isə bu sahənin peşəkarlarıdır. Buna görə də onlar maliyyə işlərini daha yaxşı bilir, sadə insanlar isə yox.
Digər tərəfdən də insanlar bağladığı müqaviləni oxumurlar. Bu hal yalnız Azərbaycanda deyil, dünyanın bütün ölkələrində müşahidə edilir. Təcrübə göstərir ki, sığorta, mal alışı ilə bağlı müqavilələri də sadə insanlar oxumur, məzmunundan xəbərsizdirlər”.
Həmsöhbətimiz hesab edir ki, yaranmış mövcud vəziyyət istehlakçının hüquqlarını qorumaq üçün istehlak kreditləri haqqında qanunun olması zərurətini yaradır. Hazırda dünyanın bir çox ölkəsində belə bir qanun var: “Məlumat üçün bildirim ki, qanunda kredit müqaviləsinin şərtlərinin necə olacağı müəyyənləşdirilir və istənilən şərti müqaviləyə salmağa icazə verilmir. Qanun deyir ki, vətəndaşlara bağlanan müqavilə müəyyənləşdirilən çərçivədə olmalıdır, əlavə bənd salmaq olmaz. Əgər hansısa əlavə şərt daxil edilirsə, problem yarananda həmin bənd qanunazidd hesab edilir”.
Müsahibimiz hesab edir ki, qanunun qəbul edilməməsinin səbəbi bankların bu məsələyə etirazla yanaşmasıdır: “Azərbaycanda banklar istehlak kreditləri haqqında qanunun olmasını istəmirlər. İstehlak kreditləri ilə bağlı ayrıca qanunun və ya Mülki Məcəllədə bölmənin olmasına banklar qarşı çıxırlar”.
Günel CƏLİLOVA