2021-ci il yanvarın 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8 milyard 177,9 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 5,3 faiz azdır. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd olunur ki, əmanətlərin 50,8%-i xarici valyutadadır, bu da 2015-ci ilin yanvar ayından sonra əmanətlərin ən aşağı dollarlaşma səviyyəsidir. Məlumat üçün onu da bildirək ki, əmanətlərin 59 faizi xarici valyutadadır.
Nəzərə almaq lazımdır ki, pandemiya dönəmində əmanətlərin həcminin artması sevindiricidir. Bəllidir ki, əksər ölkədə karantinlə bağlı olaraq əhali nəinki banka əmanət yerləşdirir, əksinə, bankda olan vəsaitlərini geri çəkir.
“Depozit qoyanların müəyyən hissəsi hesab edir ki, bəlli bir müddətdən sonra pandemiya başa çatacaq və onlar...”
İqtisadçı-ekspert Kamran Məmmədli qeyd etdi ki, pandemiya Azərbaycan iqtisadiyyatına güclü təsir etməyib. Təbii ki, bu hal da bank əmanətlərinin artmasına təsir göstərib: “Nəzərə almaq lazımdır ki, elə ölkələr var, orada pandemiyanın təsirləri daha böyük miqyasda özünü göstərir. Digər əsas səbəblərdən biri də depozitlərin hansı motivlə banka qoyulması ilə bağlıdır. Depozit qoyanların müəyyən hissəsi hesab edir ki, bəlli bir müddətdən sonra pandemiya başa çatacaq və onlar öz məqsədlərinə çatacaqlar. Bu səbəbdən depozitləri banklarda saxlayaraq gözləmə mövqeyi tuturlar. Başqa bir tərəfdən, bu, müştərinin xərc strukturundan asılıdır. İqtisadi fəallığın azalması, xarici turist səfərlərinin olmaması da depozitlərin banklardan çıxarılma vəziyyətinə öz təsirini göstərir. Bəziləri fikirləşirlər ki, iqtisadi vəziyyət daha da pisləşə bilər. Bu səbəbdən depozitləri çətin günlərə saxlayırlar. Yəni deməyim odur ki, bu məsələdə motiv çoxdur. Azərbaycan əhalisinin yerli xüsusiyyətlərdən irəli gələrək məsələyə yanaşması var. Yəni baş verənlərə daha ehtiyatlı yanaşırlar. Bütün hallarda, görünən odur ki, bizdə pandemiyanın törətdiyi fəsadlar digər ölkələrə baxanda elə də böyük deyil”.
Həmsöhbətimiz hesab edir ki, pandemiya dövründə əhalinin banklarda depozitləri artmağa doğru gedəcək.
Günel CƏLİLOVA