Pandemiya ilə əlaqədar əksər ölkələrdə iqtisadi kiçilmənin həcmi 10 faiz ətrafındadır. Elə ölkələr var ki, kiçilmə 10 faizdən də çox olub. Ancaq Azərbaycanda iqtisadi kiçilmə heç 5 faiz olmayıb.
Məsələ ondadır ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 64 709,3 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % az ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,9%, neft-qaz sektorunda isə 6,5% azalıb. ÜDM istehsalının 34%-i sənaye, 11,3 %-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,4%-i nəqliyyat və anbar təsərrüfatı, 7,2 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3%-i tikinti, 2,0 %-i informasiya və rabitə, 1,2 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 %-ini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6 485,7 manata bərabər olub.
Görünən odur ki, bir sıra ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi kiçilmə elə də böyük deyil. Maraqlıdır, ekspertlər sözügedən müsbət göstəricinin səbəbini hansı amillərlə əlaqələndirir?
“Hökumətin vaxtında qabaqlayıcı tədbirlər görməsi iqtisadi kiçilmənin miqyasını azaldıb”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimov Azərbaycanda iqtisadi kiçilmənin elə də böyük olmamasını bir sıra faktorlarla əlaqələndirdi: “Həqiqətən də pandemiyanın dünya iqtisadiyyatına ciddi mənfi təsir etməsi fonunda Azərbaycanda iqtisadi azalma elə də böyük deyil. Baxmayaraq ki, Azərbaycan bu dövr ərzində həm də müharibə aparıb. Müharibə aparan ölkənin iqtisadiyyatı da hər zaman təzyiq altında olur. Çünki müharibə elə bir prosesdir ki, bura iqtisadiyyatın bütün mexanizmləri, imkanları cəlb olunur. Ancaq bütün bu çətinliklərə rəğmən, Azərbaycanda ÜDM-nin azalması elə də böyük deyil. Bütün bunlar ondan irəli gəlir ki, Azərbaycan iqtisadiyyatında dayanıqlılıq mövcuddur. Digər tərəfdən, hökumətin vaxtında qabaqlayıcı tədbirlər görməsi iqtisadi kiçilmənin miqyasını azaldıb. Eyni zamanda, özəl sektorun sözügedən məsələyə yanaşması adekvat oldu. İqtisadiyyatı formalaşdıran flaqman sahələrin də bu məsələyə reaksiyası elastik oldu. Bütün bunlar nəticə etibari ilə makroiqtisadi tarazılığın qorunmasına öz töhfəsini verdi. Ümumilikdə, sadalananların hamısı bir-biri ilə zəncirvari şəkildə bağlı olan göstəricilərdir. Hesab edirəm ki, sözügedən göstərici müsbət haldır”.
Ekspert onu da qeyd etdi ki, postpandemiya dövründə ölkədə iqtisadi artım müşahidə ediləcək.
Vidadi ORDAHALLI