ABŞ prezidenti Donald Tramp administrasiyasının İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri gizli şəkildə təmas qurduğu ortaya çıxıb. “Axios” üç adı açıqlanmayan mənbəyə istinadən xəbər verir ki, SEPAH rəhbəri Tramp administrasiyasına gizli şəkildə Tehranın Vaşinqtonla atəşkəs danışıqlarını dəstəklədiyini bildirib.
Nəşrin məlumatına görə, Amerika hakimiyyəti İranın xarici işlər naziri Abbas Əraqçi və Parlamentin sədri Məhəmməd Bağır Qalibafla danışıqların İran hökumətindəki ən nüfuzlu qüvvələrdən biri olan SEPAH tərəfindən pozula biləcəyindən qorxur.
Məlumata görə, may ayında Vaşinqton İran danışıqçılarının razılaşma qərarı vermək səlahiyyətinə şübhə ilə yanaşaraq İnqilab Keşikçilərinə birbaşa çıxışı olan İraq Kürdüstanının lideri Bərzani ilə təmasa keçib. ABŞ Milli Kəşfiyyatının o vaxtkı direktoru Tulsi Qabbard, Bərzanidən Vaşinqtonla danışıqlarla bağlı SEPAH rəhbərinin mövqeyini öyrənməsini istəyib. Bir neçə gün sonra Bərzani general Əhməd Vahidi ilə telefonla danışıb. Məlumata görə, SEPAH rəhbəri ona Əraqçi və Qalibafı dəstəkləyəcəyinə və böhranın diplomatik yolla həlli üçün mübarizə aparacağına söz verib.
"Mən onları tam dəstəkləyirəm və bu, həm də SEPAH-ın mövqeyidir. Biz bu böhranı danışıqlar yolu ilə həll etməyə üstünlük veririk", - deyə “Axios” Vahidinin sözlərinidən sitat gətirir.
Bundan dərhal sonra Qabbard ondan aldığı mesajı Ağ Evə ötürüb.
Bunun ardınca Tramp administrasiyası Bərzaninin danışıqlar prosesindəki rolunu genişləndirməyə çalışıb və ABŞ-la İran arasında Ərbildə birbaşa danışıqlar təklif edib. Lakin İran nümayəndələrinin İsrailin hədəfinə çevrilə biləcəyindən qorxaraq bu ideyanı rədd edib. “Axios”a görə, Tehran İsrailin İraq Kürdüstanında əhəmiyyətli kəşfiyyat imkanlarına malik olduğuna inanır. Məlumata görə, Bərzani Ağ Evə ABŞ və İran arasında danışıqları bərpa etməyi bir daha təklif edib.
Tahir TAĞIYEV