İraqın Kürdüstan muxtar bölgəsinin Baş naziri Məsrur Bərzaninin şəxsi ofisinə və kəşfiyyat orqanı rəhbərinin iqamətgahına iki İran kamikaze dronu tərəfindən hücum edilib. Hücumlarda heç bir itki qeydə alınmayıb.
İraqın Kürdüstan muxtar bölgəsinin Terrorla Mübarizə Bölməsinin yazılı açıqlamasında İranın Ərbilin Səlahəddin rayonunda yerləşən Baş nazirin Şəxsi Ofisini və kəşfiyyat agentliyi direktorunun iqamətgahını hədəf alan iki bomba yüklü "Hadid-110" tipli dronlardan istifadə edərək hücum təşkil etdiyi bildirilib.
"Bu hücumu və təcavüzü qətiyyətlə pisləyirik. Bu, tamamilə qəbuledilməzdir. Bütün məsuliyyət və nəticələr hücumu törədənlərin üzərindədir" – deyə açıqlamada qeyd edilib.
Məsrur Bərzani də X hesabı vasitəsilə verdiyi açıqlamada hücumu pisləyib. "Bu gün səhər saatlarında şəxsi ofisim və Təhlükəsizlik və Kəşfiyyat Təşkilatı rəhbərinin iqamətgahı İranın pilotsuz təyyarələrinin hücumlarına məruz qalıb. Mən bu ehtiyatsız və qəbuledilməz hücumları qətiyyətlə pisləyirəm. Bu hücumlar bizi vəzifələrimizi yerinə yetirməkdən və vətəndaşlarımızı qorumaqdan çəkindirməyəcək" – deyə Bərzani bildirib.
O, hücumun təhlükəli bir eskalasiya olduğunu və regionun təhlükəsizliyinə və sabitliyinə birbaşa təhdid yaratdığını bildirib.
İran hücumla bağlı heç bir açıqlama verməyib.
Tahir TAĞIYEV