Yəmən husiləri Səudiyyə Ərəbistanına məxsus hərbi gəmiləri ballistik raketlərlə hədəfə alıb.
Husilərin hərbi sözçüsü Yəhya Seri məsələ ilə bağlı açıqlamasında Səudiyyə Ərəbistanına məxsus desant gəmisinin və onu müşayiət edən dörd hərbi qayığın Qırmızı dənizdə, Hudeydanın qarşısında ballistik raketlərlə hədəfə alındığını bildirib. O, hücum nəticəsində desant gəmisinin tamamilə yandığını, bəzi hərbi qayıqların batdığını, digərlərinin isə raket zərbəsi nəticəsində alovlandığını iddia edib.
Açıqlamada Səudiyyə Ərəbistanı qoşunlarının hərəkətlərinin və hərbi qüvvələrinin yaxından izlənildiyi və bu elementlərin istər quruda, istərsə də dənizdə, harada yerləşməsindən asılı olmayaraq, hədəf alınacağı bildirilib.
Hücumda ölən və ya yaralanan olub-olmadığı barədə heç bir məlumat verilməyib və Səudiyyə Ərəbistanı hakimiyyəti də hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Tahir TAĞIYEV