İyunun 18-19-da Bakı Olimpiya manejində estafet qaçışı üzrə Daxili İşlər Nazirliyinin birinciliyi keçirilib. Yarışda 10 komandanı təmsil edən 70 idmançı iştirak edib.
Yarışın əvvəlində çıxış edən İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya çempionu Zemfira Meftahetdinova ölkəmizdə gənclərə, idmana göstərilən dövlət qayğısının davam etdiyini, bunun nəticəsində Azərbaycan idmançılarının idman aləmində sayılıb-seçilən, ən güclülər arasında olduğunu diqqətə çatdırıb. Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi oyunlarında əldə edilən uğurların da əsasında məhz dövlətimizdə idmanın inkişafı, yetişməkdə olan gənc nəslin sağlam böyüməsi üçün yaradılan şəraitin durduğunu diqqətə çatdırıb.
Sonra yarışlara start verilib. Polis idmançılar yüksək fiziki hazırlıq, taktiki ustalıq nümayiş etdiriblər. Finişə hamıdan tez DİN Daxili Qoşunları Baş İdarəsinin hərbi qulluqçuları çatıb. Əlahiddə Çevik Polis Alayının əməkdaşları ikinci, Polis Akademiyasının komandası üçüncü yeri tutub.
Yarışların baş hakimi, polis polkovnik-leytenantı Mülayim Xıdırov bildirib ki, idmançı əməkdaşlar yüksək hazırlıq, çeviklik, bacarıq, texniki imkanlar nümayiş etdiriblər.
Yarışları polis polkovnik-leytenantı Elnur Həsənov idarə edib.
Zeyni Hüseynov, DİN mətbuat xidmətinin əməkdaşı