Ermənistanın, etiraf etməsə də, Qarabağ savaşını uduzduğu artıq bu ölkənin hüdudları daxilində getdikcə daha çox dilə gətirilir. Bunun real təsdiqi isə hərbi mükəlləfiyyət yaşlı kişilərin ən müxtəlif səbəblər göstərməklə ölkəni tərk etməsində özünü göstərir.
Hazırda Ermənistanın kişi əhalisinin azaldığını elə bu ölkənin mətbuatı da gizlətmir. “Lragir.am” saytının şərhçisi Naira Melkumyan yazır ki, hətta bu gün Ermənistanda elə kəndlər var, ölüsü düşəndə, kişi yoxluğu üzündən onu qadınlar dəfn edir. Erməni şərhçisi bunu Sarkisyanın yarıtmaz idarəçiliyinin nəticəsi sayır. Bildirir ki, məhz onun hökumətinin “fəaliyyəti” üzündən əhalinin kişi qismi ölkəni tərk edərək qazanc dalınca Rusiyaya üz tutub. Lakin burada Qarabağ müharibəsinin uzanması və atəşkəs dövründə belə Ermənistanın elə özünün provokativ hərəkətləri nəticəsində canlı qüvvə itirməsi faktoru da gözardı edilməməlidir. Çünki bəllidir ki, artıq erməni analar oğullarının sonu görünməyən əsassız ərazi iddiaları səbəbindən ölməyini istəmədiyindən övladlarını xarici ölkələrə göndərir, ən yaxşı halda Rusiyada məskunlaşırlar.
Belə davam edərsə, Ermənistanın “amazonkalar diyarı”na çevrilməsi gözləniləndir. Amma bəlkə də elə bu yaxşıdır. Axı qadınlar hərbi məsələlərə yanaşmada daha obyektiv, həm də sülhsevər olurlar. Bəlkə o zaman özgənin torpağına iddia etmənin yalnız qanlar-qurbanlar gətirdiyi bu ölkədə qəbul edilər və Ermənistan nəhayət özününkü ilə özgəninkinə fərq qoymağı öyrənər. Gözləyək...
SAMİRƏ