İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Müdafiə Nazirliyindən baki-xeber.com-a verilən məlumata görə, Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.
Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində ölənlər nənə və nəvədir.
Alxanlı kənd ərazi nümayəndəsi İlham İsrafilov APA-nın Qarabağ müxbirinə bildirib ki, kəndin axşam saatlarında artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulması zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb.
Partlayış nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Onların qohumu, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Yaralı xəstəxana çatdırılıb.
Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən susdurulub.