Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş iyulun 11-i Avstriyanın Mauerbax şəhərində keçiriləcək. Trend bu barədə diplomatik dairələrə istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, nazirlərə ATƏT üzv ölkələrinin XİN rəhbərlərinin qeyri-rəsmi görüşü çərçivəsində görüşmək təklif olunub.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Avstriyada nəzərdə tutulan görüşündə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədr İqor Popov da iştirak edəcək. APA-nın xəbərinə görə, bu barədə RİA "Novosti"yə Rusiya xarici siyasət idarəsindəki mənbə məlumat verib.
Mənbə hazırda görüşün təşkili üzərində iş aparıldığını bildirib.
APA-nın əldə etdiyi məlumata görə isə görüşə hər üç həmsədr qatılacaq. İqor Popovla yanaşı, fransalı həmsədr Stefan Viskonti və amerikalı həmsədr Riçard Hoqland da danışıqlarda iştirak edəcəklər.