Qazaxıstan Respublikası Parlament Məclisinin ev sahibliyində TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının üçüncü iclası iyunun 22-də Astanada baş tutub.
Üçüncü iclasın gündəliyinin əsas maddəsi "üzv ölkələrdə alternativ enerji mənbələrinin inkişafı" olub. Bərpa olunan enerji mənbələrinin inkişafına həsr olunmuş EXPO-2017 Astana Beynəlxalq İxtisaslaşdırılmış Sərgisinə həsr olunmuş iclasda
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlamentarilər, müvafiq nazirliklərin, eləcə də Türk əməkdaşlıq qurumlarının nümayəndələri iştirak edib.
İclasa TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının və Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov sədrlik edib. Açılış nitqində akademik Əhliman Əmiraslanov EXPO-2017 Beynəlxalq İxtisaslaşdırılmış Sərgisinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, belə mühüm bir tədbirin Astanada keçirilməsi Qazaxıstan Respublikasının inkişafında qazandığı uğurları işıqlandırır. Sonra TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədr müavini və Türkiyə Böyük Millət Məclisinin millət vəkili Feyzullah Kıyıklık iclasın əsas hesabat məruzəsini təqdim edib. Qazaxıstan Respublikası Parlament Məclisinin millət vəkili Serik Seydumanov EXPO-2017 və sərgi çərçivəsində keçirilən qlobal miqyaslı müxtəlif tədbirlər haqqında geniş məlumat verib. Həmçinin parlamentarilər gündəliyin əsas maddəsi ilə bağlı bütün TürkPA üzv ölkələrinin potensial imkanlarını müzakirə edib və arzuolunmaz nəticələrdən yan keçilməsi məqsədilə bütün bu məsələlərin nəzarət altında həyata keçirilməsinin lazım olduğunu vurğulayıb.
Komissiya TürkPA-nın 7-ci Plenar İclasına təqdim olunması üçün mövzu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarını təsdiq edib. Komissiyanın növbəti - dördüncü iclasının Qırğızıstan Respublikasında keçirilməsi nəzərdə tutulub.
Baki-xeber.com