Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Zati-aliləri. Dövlət bayramınız – Respublika Günü münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Müstəqillik illərində Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirərək, qətiyyətlə yüksək inkişaf templəri nümayiş etdirir. Bu, şübhəsiz ki, Azərbaycan Respublikası üçün milli məsələ olan və Ukraynanın da bununla bağlı mövqeyinin dəyişilməz olduğu ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsinin həllinə yardım edəcəkdir. Biz, həmçinin Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk.
Qəti əminəm ki, Sizin Ukraynaya rəsmi səfəriniz, Ukrayna və Azərbaycan Prezidentləri Şurasının növbəti iclasının keçirilməsi ölkələrimizin xalqlarının rifahı naminə tərəfdaşlığımızın inkişafına güclü təkan verəcək. Fürsətdən istifadə edib, Sizin üçün münasib vaxtda Ukraynaya rəsmi səfərə dəvətimi təsdiq etmək istərdim.
Çox hörmətli cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm".
Si Cinpin: “Çin Azərbaycanın əldə etdiyi müvəffəqiyyətlərə sevinir”
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını Çin Xalq Respublikasının Hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi təbrik edir, ən xoş arzularımı bildirirəm.
Sizin rəhbərliyiniz ilə Azərbaycanda siyasi sabitlik hökm sürür, ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlir. Çin Hökuməti Azərbaycanın dövlət quruculuğu, sosial-iqtisadi inkişaf sahələrində əldə etdiyi müvəffəqiyyətlərə sevinir.
Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. “Bir kəmər-bir yol”un birlikdə yaradılması niyyətimizdən istifadə edərək, Sizinlə ikitərəfli münasibətlərimizin və müxtəlif sahələrdə işgüzar əməkdaşlığımızın yeni inkişafını birgə səylərimizlə irəlilətməyə hazıram.
Azərbaycanın daha da qüdrətli olmasını və inkişaf etməsini arzulayıram. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq diləyir, ən xoş arzularımı bildirirəm".
Tomislav Nikoliç: “Serbiyanın Azərbaycanla hərtərəfli əməkdaşlığı və strateji əlaqələri uğurla inkişaf edəcək”
Serbiya Prezidenti Tomislav Nikoliç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan və ölkənizə hərtərəfli inkişaf arzulamaqdan çox məmnunam.
Əminəm ki, Serbiya Respublikasının Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığı və strateji əlaqələri qarşıdan gələn illərdə də xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək.
Gözəl ölkənizə etdiyim səfərlər zamanı səmimi qarşılanmaya, mehriban və konstruktiv söhbətlərimizə, həmçinin Serbiya Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək siyasətinizə görə Sizə bir daha təşəkkür etmək istəyirəm.
Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzu edirəm.
Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramlarımı qəbul edin".