Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə axundları və imamları diqqətli olmağa çağırıb.
Trend-in məlumatına görə, A.Paşazadə bildirib ki, bu gün Azərbaycanda sabitliyi korlamaq istəyən kənar qüvvələr var və onlar din amilindən də istifadə etməyə çalışırlar: “Bu, çox böyük bir təhlükədir və bu təhlükədən özümüzü qorumalıyıq. Axundlar və imamlar öz başlarına bəyanat verməsinlər. Axund və imamlarımız diqqətlidirlər, lakin biz yenə də hər kəsə xatırladırıq”.
A.Paşazadə həmçinin, axund və imamlara digər ölkələrdə baş verən hadisələrə münasibət bildirməkdən çəkinməyi tövsiyə edib.
Allahşükür Paşazadə dindarlara məzhəb ayrı-seçkiliyi yaratmağa çalışan insanlar barədə dərhal müvafiq qurumlara məlumat verməyi də tövsiyə edib. A.Paşazadə Azərbaycanda dini sabitliyin mövcud olduğunu qeyd edib: “Biz məzhəb ayrı-seçkiliyinə yol verə bilmərik, buna şərait yarada bilmərik. Dövlətimizin də siyasəti odur ki, ölkəmizdə məzhəb ayrı-seçkiliyi olmasın. Əgər görsəniz ki, kimsə sünni-şiə ayrı-seçkiliyi yaratmağa çalışır, dərhal bizə məlumat verin ki, lazımi tədbirlər görülsün və bu cür cəhdlərin qarşısı alınsın”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan ayı ilə bağlı bütün dindarlara xəbərdarlıq edib. A.Paşazadə dindarlara, o cümlədən axund və imamlara Ramazan ayı boyunca iftardan əvvəl məclislərdə iştirak etməməyi tövsiyə edib: “Müsəlman din xadimi Ramazan ayı boyunca iftardan əvvəl məclislərə getməməli, iştirakçısı və təşkilatçısı olmamalıdır. Belə məsələdə diqqətli olun”.
A.Paşazadə deyib ki, bu cür hallara yol verən axund və imamlar vəzifələrindən uzaqlaşdırıla bilər.