Mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti işə başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, Prezident İlham Əliyev Sammitdə iştirak edir.
Xəbərə görə, Sammitin keçirildiyi Kral Əbdüləziz Beynəlxalq Konfrans Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud qarşılayıb.
Dövlət və hökumət başçıları birgə foto çəkdirib.
Qeyd edək ki, Ərəb və İslam ölkələri rəhbərlərinin, həmçinin ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Sammit “Birlikdə güclüyük” devizi altında keçirilir. İlk dəfədir təşkil edilən bu tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizmlə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılır. Sammit iştirakçı ölkələr arasında işgüzar, mədəni və siyasi əlaqələrin tolerantlıq və əməkdaşlığa müştərək inam vasitəsilə daha da gücləndirilməsinə xidmət edir. Tədbirin məqsədlərindən biri də ölkələr arasındakı münasibətlərdə yeni başlanğıcın və hamı üçün daha parlaq gələcəyin təməlinin qoyulmasıdır.