Prezident İlham Əliyev mayın 16-da Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn ulu öndər Heydər Əliyev ilə görüşünü və Ümummilli Liderin onunla apardığı çox maraqlı söhbəti məmnunluqla xatırlayıb. O, Amerika yəhudi icmasının Azərbaycanda yəhudi məktəbinin inşasına investisiya qoymağı planlaşdırdığını diqqətə çatdırıb.
Malkolm Honlayn Azərbaycan-ABŞ əlaqələrindən, o cümlədən Amerika yəhudiləri ilə ölkəmiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əməkdaşlığın daha da gücləndirilməsinin önəmini vurğulayıb.
Malkolm Honlaynın ölkəmizə böyük nümayəndə heyəti ilə bundan əvvəlki səfəri zamanı onunla görüşünü xatırlayan dövlət başçısı qeyd edib ki, Azərbaycanın yəhudi icması ölkəmizdə digər xalqların nümayəndələri ilə birlikdə dinc və əminamanlıq şəraitində yaşayır.