Özünün işğalçı siyasətinin iflasa uğradığını görən İrəvan terrora meyllənməyə başlayıb.
Baki-xeber.com-un “Vestnik Kavkaza” saytına istinadən xəbərinə görə, belə bir açıqlama ilə Baku Network Ekspert Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov çıxış edib. Ekspert xüsusilə Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun cəbhə zonasına mütəmadi gəlişlərinin düşmən ölkə tərəfindən ciddi şəkildə izləndiyini və hətta onun həyatına qəsd edə biləcək plan hazırlandığını bildirib. Onun sözlərinə görə, bunu erməni tərəfinin İnternetdə dərc etdiyi materiallar və yaydığı videolar da sübut edir.
Elxan Ələsgərov Ermənistanın son zamanlar istifadəsinə üstünlük verdiyi və Azərbaycan Ordusunun dəfələrlə vurub saldığı “Osa” zenit-raket komplekslərinin cəbhə zonasında peyda olmasını da bu niyyətlə izah edir. Onun sözlərinə görə, Azərbaycan Müdafiə nazirinin helikopteri çox alçaqdan uçduğundan, Ermənistanın uzaqmənzilli PVO C-125-lərilə onu vurmaq mümkün deyil. Eyni məqsədlə maksimal hədəf vurma məsafəsi 3-4 kilometr olan “İqla”lar da bu işə yaramır və o üzdən, ekspertin fikrincə, Ermənistanın ordu rəhbərliyi 10 kilometr məsafədə hədəfi vura bilən “Osa”lardan istifadə etməyə başlayıb.
Xatırladaq ki, mayın 15-də Füzuli-Xocavənd istiqamətində işğalçı ölkə ön xəttə 3RK “Osa” kompleksini yerləşdirib, lakin Azərbaycan Ordusu həmin kompleksi vuraraq məhv edib.
;