Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov dünən Milli Məclisdə problemlərinin həll olunmasında ondan yardım istəyən vətəndaşları növbəti dəfə qəbul edib.
Qəbulda Milli Məclisin Səhiyyə komitəsinə səhhətində olan problemlərin həlli ilə bağlı müraciət edən insanlarla yanaşı, Ə.Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və müxtəlif problemlərin həllində köməklik istəyən seçicilər də iştirak edib. Qəbul zamanı koxlear implantasiya, qara ciyər və böyrək köçürülməsi kimi ağır cərrahi əməliyyatlarla bağlı müraciətlər olub. Seçicilər həm sağlamlıqlarındakı problemlər, həm də digər sosial məsələlərlə bağlı müraciətlərini deputata çatdırıb. Ə.Əmiraslanov qəbula gələn vətəndaşları dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirib.