Rusiya prezidenti Vladimir Putin Amerika prezidenti Barak Obama ilə telefon danışığında Rus qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edib.
Daha öncə "Reuters” xəbər yaymışdı ki, Rusiyanın bu addımı ABŞ üçün gözlənilməz olub. Kremldən verilən xəbərə görə, martın 14-dən 15-nə keçən gecə Putinlə Obama arasında telefon danışığı olub və iki ölkə lideri Suriyadakı son durumu, həmçinin Rus hərbiyyəsinin ölkədən çıxışını müzakirə edib.
"Rusiya prezidenti məlumat verdi ki, beynəlxalq terrorizmlə mübarizədə Rusiya silahlı qüvvələrinin qarşısına qoyulan əsas vəzifə yerinə yetirildiyinə görə HKQ aviaqruplarının əsas hissəsinin Suriyadan çıxarılmasına qərar verilib”- Kremlin açıqlamasında deyilir.
Ağ Evdən də Obama ilə Putin arasında telefon danışığının olduğu bildirilib. "Reuters”-in xəbərinə görə, Obama Suriyada atəşkəsin tətbiqi və zorakılığın azaldılması yönündə fəaliyyətləri alqışlayıb.
Daha öncə isə Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, Putin qoşunların çıxarılmasını Bəşər Əsəd xaricində dünya liderlərindən heç kimlə müzakirə etməyib.