Perunun ən nüfuzlu qəzetlərindən biri olan "El Peruano" qəzetində Xocalı soyqırımına həsr olunmuş ""Xocalı soyqırımı” adlı məqalə dərc edilib. Bu barədə Trend-ə Azərbaycanın Limadakı diplomatik nümayəndəliyindən məlumat verilib.
Məqalədə erməni hərbi birləşmələrinin keçmiş SSRİ-nin 366-cı alayının yardımı ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalının əhalisinə qarşı 1992-ci ilin 26 fevralında törətdiyi soyqırımından danışılır.
Ermənilərin qadın, uşaq, qoca demədən Xocalının azərbaycanlı əhalisini misli görülməmiş şəkildə xüsusi amansızlıqla öldürdüyü, baş verən qətliamın 20-əsrin ən böyük faciələrindən biri olduğu məqalədə qeyd olunur.
Dünyanın bir çox ölkələrinin bu faciəni soyqırım olaraq tanıdığı, o cümlədən Human Rights Watch təşkilatının hesabatında Xocalı faciəsinin "Ermənistan ilə Azərbaycan arasındakı müharibədə ən böyük qırğın” kimi qeyd olunduğu məqalədə bildirilir.
Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etdiyi, Ermənistanın BMT-nin bu ölkənin qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çəkilməsini tələb edən 4 qətnaməsini yerinə yetirməkdən imtina etdiyi göstərilir.
Məqalədə Peru, Meksika, Kolumbiya, Qvatemala, Honduras, Panama və digər ölkələrin parlamentləri tərəfindən qəbul edilmiş qətnamələrlə Xocalıda baş vermiş hadisələrin soyqırım kimi tanındğı qeyd olunur.