Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Arqumentı i faktı” qəzetinə müsahibəsində Rusiya dövlətinin Əsədi dəstəkləməsi barədə deyilənləri yanlış adlandırıb.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, RF XİN sözçüsü deyib ki, Rusiya yalnız Suriya prezidentinin ölkəsində əl-qol açmış terrorçu qruplara qarşı mübarizəsində onunla həmrəylik nümayiş etdirir.
"Biz Əsədi dəstəkləmirik, biz onun terrorizmlə mübarizəsini dəstəkləyirik, eləcə də müxaliflərin və kürdlərin "İslam dövləti”nə qarşı savaşını dəstəkləyirik” – deyə o bildirib. M.Zaxarovanın sözlərinə görə, Rusiya əlindən gələn hər şeyi edib ki, ABŞ Dəməşqi bombalamasın, lakin bu zaman tərəflərdən heç birinin yanında olmadan yalnız Suriyanın suverenliyini və beynəlxalq hüququnu qoruyub.
Qeyd edək ki, Suriyada antiterror hadisələrinin getdiyi son 5 ildə az qala bütün dünya dövlətləri Əsədin postundan getməli olduğunu desə də, Rusiya bu fikrə qarşı çıxıb. Ötən il sentyabrın 30-dan isə beynəlxalq antiterror koalisiyasına qoşulmadan burada əməliyyatlar aparır. Lakin özü terrora qarşı mübarizə apardığını desə də, Rusiya HKQ-nin əslində Əsədə müxalif qüvvələri hədəfə aldığı bildirilir.