Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri başlayıb. Prezident İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə "Sədabad” sarayına gəlib. İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü keçirilib.
Təkbətək görüş başa çatdıqdan sonra İlham Əliyevin Həsən Ruhani ilə geniş tərkibdə danışıqları olub.
İlham Əliyev: "Regionda yaşanan gərginliyə baxmayaraq, Azərbaycan və İran sabitlik nümunəsidir”
Prezident İlham Əliyev geniş tərkibdə görüşdə bildirib ki, regionda yaşanan gərginliyə baxmayaraq, Azərbaycan və İran sabitlik nümunəsidir. Prezident əlaqələrimizin böyük tarixi olduğunu və möhkəm təməllər üzərində qurulduğunu bildirib. Dövlət başçısı İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi münasibətilə İran Prezidentini və xalqını təbrik edib.
Azərbaycanın və İranın mövqelərində bir çox məqamların üst-üstə düşdüyünü qeyd edən Prezident İlham Əliyev? regionda yaşanan gərginliyə baxmayaraq, hər iki ölkənin sabitlik nümunəsi olduğunu vurğulayıb. Azərbaycan Prezidenti beynəlxalq və dövlətlərarası münasibətlərdə ədalətli yanaşmanın, sabitliyin, təhlükəsizliyin yaranmasının vacibliyini bildirib, terrorizmə qarşı mübarizədə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib.
Görüşdə Prezident Həsən Ruhani bildirib ki, İlham Əliyevin İrana rəsmi səfəri çox böyük əhəmiyyət daşıyır və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcək. Bu gün əməkdaşlıq əlaqələrimiz sürətlə inkişaf edir və bütün sahələri əhatə edir.
İran Prezidenti səfər çərçivəsində imzalanacaq sənədlərin münasibətlərimizin inkişafına töhfə verəcəyini vurğulayıb, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirib.
İran dövlətinin başçısı deyib ki, əlaqələrimizin hazırkı inkişafı ölkələrimizin və xalqlarımızın tarixi yaxınlığına və dostluğuna əsaslanır. Prezident Həsən Ruhani qeyd edib ki, əlaqələrimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu, münasibətlərimizin bütün sahələrdə daha da irəliyə aparılmasını mühüm vəzifə kimi qarşıya qoyur.
İranın ölkələrin ərazi bütövlüyü prinsipindən çıxış etdiyini vurğulayan Prezident Həsən Ruhani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, beynəlxalq məsələlərdə dövlətlərin daxili işlərinə müdaxilə edilməsinin yolverilməzliyini vurğulayıb. İran dövlətinin başçısı ölkələrimiz arasında təhlükəsizlik sahəsində də əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən enerji, sərmayə qoyuluşu, bank, ticarət, turizm, nəqliyyat, yüklərin daşınması, infrastruktur, mədəniyyət və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün səylərin gücləndirilməsinin zəruriliyi qeyd olunub. Görüşdə Xəzərin dostluq və əməkdaşlıq dənizi olduğu vurğulanıb. Həmçinin Azərbaycanın və İranın birlikdə digər ölkələrlə də əməkdaşlıq imkanları müzakirə olunub.
Prezident İlham Əliyevin İrana rəsmi səfəri çərçivəsində ikitərəfli sənədlər paketi imzalanıb. Prezident İlham Əliyev və Prezident Həsən Ruhaninin iştirakı ilə 11 sənəd imzalanıb.
İmzalanan sənədlər aşağıdakılardır:
"Azərbaycan Respublikası Hökuməti və İran Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirin azaldılması sahəsində əməkdaşlıq haqqında saziş”
"Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında saziş”
"Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında saziş”
"Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisinin satışı haqqında çərçivə sazişi”
"Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dərmiryollarının əlaqələndirilməsi haqqında çərçivə sazişi”
"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə məsələləri üzrə Vitse-prezidentliyi arasında əməkdaşlıq haqqımnda anlaşma memorandumu”
"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu”
"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Kooporasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında anlaşma memoprandumu”
"SOCAR ilə İran Milli Neft Şirkəti arasında anlaşma memorandumu”
"SOCAR ilə Qədr İnvestisiya Şirkəti arasında anlaşma memorandumu”
"Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsünün tikintisi sahəsində əməkdaşlıq haqqında razılaşma".
İran və Azərbaycanın dəmir yolları 2016-cı ilin sonuna birləşdiriləcək
İran Prezidenti Həsən Ruhani Tehranda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında bildirib ki, İran və Azərbaycanın dəmir yolları 2016-cı ilin sonuna birləşdiriləcək.
H.Ruhani bildirib: "Tranzit məsələlərinə və "Şimal-Cənub" dəhlizinə gəlincə, Astara (İran) və Astara (Azərbaycan) dəmir yollarının cari ilin sonunadək birləşməsi vacib hadisə olacaq".
"Şimal-Cənub" dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. O, Azərbaycan, İran və Rusiya dəmir yollarının birləşməsi üçün birləşdirici hissə olacaq.
İlham Əliyev: "Beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirəcəyik”
"İlk növbədə, dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə sizə öz minnətdarlığımı bildirirəm. Yenidən qardaş İran torpağında olmağımdan çox məmnunam". Bunu isə Prezident İlham Əliyev Tehranda mətbuata bəyanatında bildirib.
Dövlət başçısı deyib: "Fürsətdən istifadə edərək bir daha İrana qarşı qoyulmuş sanksiyaların aradan qaldırılması münasibətilə sizi və bütün İran xalqını təbrik edirəm. Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və həmişə öz sözünü bütün yüksək səviyyədən ifadə edib. Cənab Prezident, siz müzakirə etdiyimiz bütün məsələləri çox geniş mətbuat nümayəndələrinə çatdırdınız. Doğrudan da bu gün bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı və fikir birliyi ifadə olundu. Biz çox şadıq ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimizin çox möhkəm təməli vardır. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamış, yaratmışlar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bu möhkəm təməl üzərində münasibətlərimiz qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Biz bütün üzv olduğumuz beynəlxalq təşkilatlarda bir-birimizi daima dəstəkləyirik. Bizim aramızdakı ticarət əlaqələrinin çox gözəl perspektivləri var. Bu gün həm beynəlxalq aləmdə baş verən hadisələr, eyni zamanda ikitərəfli münasibətlərimizə aid olan məsələlər geniş müzalkirə edildi. Biz razılaşdıq ki, beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirəcəyik. Beynəlxalq aləmdə bundan sonra da bir-birimizə dəstək göstərəcəyik".
Prezident İlham Əliyev sonra qeyd edib: "Bu gün eyni zamanda regional məsələlər müzakirə edildi. Dünən elan olundu ki, Amerika Birləşmiş Ştatları və Rusiya Suriyada müharibənin dayandırılması haqqında qərara gəliblər. Biz bu razılaşmanı alqışlayırıq. Biz dəfələrlə bəyan etmişdik ki, Suriyada vəziyyəti normallaşdırmaq üçün ilk növbədə atəşkəs yaradılmalıdır, bundan sonra sülh bağlanmalıdır. Suriya xalqı öz gələcəyini, taleyini özü müəyyən etməlidir. Bir də qeyd etmək istəyirəm ki, bu gün söhbət əsnasında bir-çox məsələlərlə bağlı fikirlərimiz üst-üstə düşür".
Dövlət başçısı vurğulayıb: "Bütün ölkələr bir-birinə hörmətlə yanaşmalıdır, bir-birinin işinə qarışmamalıdır. Belə olan halda müharibələr də dayanacaq, qarşıdurmalar da azalacaq. Bu gün siz də şahidsiniz ki, bir çox sənədlər imzalandı. Bu sənədlərin icrası bizim əlaqələrimizi daha da gücləndirəcək. Bir çox sahələr üzrə imzalanan sənədlər gələcək üçün yol göstərir. Bu sənədlərin mahiyyəti çox müsbətdir və onların bir hissəsi ikitərəfli əlaqələrə, bir hissəsi isə çoxtərəfli və regional əməkdaşlığa xidmət göstərəcək. Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması işində bu gün çox önəmli addımlar atılıb. Bu yolun istifadəyə verilməsi nəticəsində biz qitələri gözəl nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Bu ilin sonuna qədər Azərbaycanın üzərinə düşən vəzifə icra ediləcək və biz dəmir yolumuzu İran sərhədinə qədər çəkəcəyik.
Neft-qaz sektorunda çox gözəl perspektivlər var, İran Azərbaycanın neft-qaz yataqlarına investisiyalar qoyur və biz gələcək əməkdaşlıq haqqında çox gözəl fikir mübadiləsi apardıq. Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənməsi məsələsi də müzakirə olundu və yaxşı nəticələr gözlənilir. Xəzər dənizi bizim ümumi sərvətimizdir. Xəzər dənizi bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır. Energetika sahəsində çox gözəl işlər görülür və gözəl perspektivlər var. Bu sahədəki əməkdaşlıq ancaq İran-Azərbaycan əməkdaşlığı ilə məhdudlaşmır. Qonşu ölkələr də bu layihəyə qoşula bilərlər. Və belə olan halda bu, transmilli, regional, gözəl layihəyə çevriləcək".
Azərbaycan Prezidenti bildirib ki, qarşılıqlı sərmayə qoyuluşu üçün çox gözəl imkanlar var, hər iki ölkədə hazırda çox ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır: "Belə olan halda qarşılıqlı sərmayə qoyuluşu üçün yüksək yeni imkanlar yaranacaq. Gələcək fəaliyyət üçün maliyyə, bank, sığorta, turizm və əczaçılıq sektorlarında da gözəl imkanlar var.
Prezident Ruhani qeyd etdi ki, artıq biz üçtərəfli formatlarda da iştirak edirik və getdikcə bu formatların coğrafiyası genişlənəcək. Bu bizim regional əməkdaşlığa birgə verdiyimiz dəyərli töhfədir. Bu, hər iki ölkənin niyyətini göstərir. Biz istəyirik ki, bölgədə və dünyada sülh, əmin-amanlıq və əməkdaşlıq olsun. Və bu gün yaşadığımız bölgədə İran və Azərbaycan sabitləşdirici rol oynayır. Bizim birliyimiz nə qədər güclü olsa, bölgədə təhlükəsizlik də bir o qədər yüksək səviyyədə qorunacaq. Prezident Ruhani qeyd etdi ki, son iki il ərzində bu bizim 5-ci görüşümüzdür. Mən fürsətdən istifadə edərək, cənab Prezident, sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm ki, bizim görüşlərimizin sayı artsın, xalqlarımız bir yerdə olsunlar.
Bir daha qonaqpərvərliyə görə Sizə minnətdaram".
İran və Azərbaycan azad iqtisadi zonalara birgə sərmayə yatıracaq
Həsən Ruhani deyib ki, İran və Azərbaycan azad iqtisadi zonalara birgə investisiya qoymaq imkanlarını müzakirə ediblər. H.Ruhani qeyd edib ki, tərəflər bank, sığorta və birgə investisiya qoyma sahələrində, o cümlədən İranın "Araz", "Ənzəli" və "Maku" azad iqtisadi zonalarına investisiya yatırmaq üzrə gələcək əməkdaşlığı müzakirə ediblər: "Enerji əməkdaşlığına gəlincə, neft və qaz məsələləri, elektrik enerjisinin mübadiləsi, eləcə də Xəzərdə karbohidrogenlərin birgə hasilatı üzrə konstruktiv danışıqlar apardıq".