WikiLeaks portalı ABŞ xüsusi xidmətinin dünya liderlərini izləməsilə bağlı yeni məxfi materiallar dərc edib.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, WikiLeaks-n saytında dərc olunan materialdan BMT Baş katibi Ban Ki Munun, Almaniya kansleri Angela Merkelin, İsrailin baş naziri Benyamin Netanyahunun və o zaman İtaliyanın baş naziri olmuş Silvio Berluskoninin ABŞ-ın Milli Təhlükəsizlik xidməti tərəfindən dinləndiyi bəlli olur.
Bundan əlavə, materiallar Angela Merkelin o zaman Fransa prezidenti olmuş Nikolya Sarkozi ilə görüşünün də dinləməyə məruz qaldığını ortaya çıxarıb. Açıqlanan danışıqların məzmununa gəldikdə, bildirilir ki, Merkelin BMT Baş katibi ilə görüşündə iqlim dəyişikliyilə mübarizə əsas müzakirə mövzusu olub. Netanyahu isə Berluskoniyə ABŞ prezidenti Barak Obama ilə əlaqə yaratmaq xahişilə müraciət edib.
Xatırladaq ki, bundan öncə WikiLeaks ötən il noyabrın 15-də Ağ Evdə korrupsiya ilə bağlı 30 saatlıq məxfi yazışmaların stenoqramını dərc etmişdi. Bununla da prezident administrasiyasının 13 dövlət məmurunun milyardlıq korrupsiyaya bulaşdığı ortaya çıxmışdı. Onlardan 10 nəfərinin hazırkı prezident Obama, 3-nün isə Corc Buş dövründə korrupsiya əməllərinə baş vurduğu da həmin materialların üzə çıxması ilə ortaya qoyulmuşdu.
Görək, bu dəfə kimlərin "örtülü bazarı” gün işığına çıxacaq...