Rusiyanın Müdafiə naziri Sergey Şoyqu 21 fevral tarixində Tehrana gələrək bu ölkənin prezidenti Həsən Ruhani ilə görüşüb.
Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, iki ölkə rəsmisi əsasən Suriya böhranını müzakirə edib. İranın Press TV telekanalının xəbərinə görə, söhbət zamanı Şoyqu Ruhaniyə Putinin şəxsi mesajını çatdırıb. Mesajın məzmunu açıqlanmır. Bundan əlavə, RF müdafiə naziri Suriyada zülmə son qoyulması və Yaxın Şərqdə sülhün bərqərar olması ilə bağlı hesabatı da təqdim edib.
Öz növbəsində Ruhani qeyd edib ki, Suriya böhranı yalnız siyasi yolla və bu ölkənin hakimiyyəti və xalqının maraqları nəzərə alınmaqla həllini tapmalıdır.
Ruhanidən əlavə Şoyqu Tehranda İranın müdafiə naziri Hüseyn Dehqanla da görüşüb. İki ölkənin müdafiə nazirləri müdafiə sahəsində ikitərəfli razılaşmanın tələblərinin həyata keçirilməsini də müzakirə edib.