2014-cü ildə 100 nəfərin ölümünə səbəb olan Maydan hadisələrinin ildönümü ilə bağlı olaraq Kiyevin mərkəzi meydanında aksiya hazırlanır.
Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, fəallar Maydanda çadırlar qurub. Xəbərə görə, 20 nəfərə yaxın fəal gecə ocaq qalamaqdan ötrü meydana odun və avtomobil təkərləri toplayıb. Fəallar meydana toplaşanlara isti çay, buterbrodlar paylayır. Eyni zamanda gecə növbə çəkməkdən ötrü könüllülər arayırlar. Aktivistlər artıq tribuna da qurublar. Xəbərdə o da bildirilir ki, aktivistlərlə polis arasında kiçik insident yaşanıb. Belə ki, polis əvvəlcə onları Maydana buraxmaq istəməyib, lakin onlar israr etdikdə geri çəkilib. "112 Ukraina” telekanalı xəbər verib ki, çadır quran şəxslər özlərini "sağçı inqilabçı qüvvələr” adlandırıblar. Anım tədbirinə prezident Petro Poroşenko xanımı ilə gəlib və ölənlərin xatirəsinə şam yandırıblar. Tədbirin ardından isə bir dəstə aksiya iştirakçısı milyarder Rinat Ahmedovun ofisi qarşısında səs-küy salıb, daha sonra ruslara məxsus "Sberbank"ı və "Alfabank"ı daşa basıb. LİQA.net-in xəbərinə görə, bu təşkilatdan olduğu deyilən onlarla kamuflyajlı şəxs Maydanın yaxınlığındakı "Kozatskiy” otelində akt zalına toplaşıblar. Onların nümayəndələri isə qapıda duraraq kənar şəxsləri içəri buraxmır. Onların dediyinə görə, içəridə "qərargahın toplantısı gedir” və daha sonra tələblərini açıqlayacaqlar.