Dünya ölkələri liderlərinin Ankaraya başsağlığı məktubları gəlməkdə davam edir.
Anadolu Agentliyinin xəbərinə görə, ABŞ Dövlət Departamenti Türkiyəyə başsağlığı verib. Dövlət Departamentinin rəsmisi Mark Toner gündəlik mətbuat konfransında Türkiyəyə "səmimi qəlbdən başsağlığı diləklərini çatdırdıqlarını” ifadə edib.
Almaniya kansleri Angela Merkel deyib ki, "Bu kədərli dəqiqələrdə biz Türkiyənin yanındayıq”.
Azərbaycan Prezidentinin başsağlığı mətnində isə deyilir: "Əziz qardaşım, Ankara şəhərində törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.
Biz bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, ona qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu amansız hadisə terrorizmə qarşı hamılıqla mübarizənin zəruriliyini bir daha təsdiq edir.
Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”
Fransa prezidenti Fransua Olland da terroru lənətləyərək Ankarada baş verənlərə üzüldüklərini yazır və bu ağır gündə Türkiyənin yanında olduqlarını bildirir.
Hazırda müxtəlif ölkələrin dövlət və hökumət başçılarından, dipkorpus nümayəndələrindən Türkiyə dövlətinə və xalqına dəstək mətnləri gəlməkdə davam edir.