Yazıçı Əkrəm Əylisli Ermənistanın panorama.am saytında yenidən gündəmə gəlib. Erməni saytına danışmasa da, görünən o ki, bu millət barəsində sonsuz məhəbbətlə danışması onu növbəti dəfə düşmən mətbuatının "duzu-bibəri” edib.
Saytın yazdığına görə, Əylisli deyib ki, Corc Oruellin "1984” romanında təsvir olunanlar bu gün Azərbaycanda yaşanır.
"Məsələn, mən Ermənistanda sovet dövründə olmuşam. Erməni ziyalıları arasında olmuşam. Onların axşamlar yığışaraq etdiyi söhbəti dinləmişəm. Onlar yeyib-içməyə yığışmırlar. Mən bu atmosferdən vəcdə gəlirdim və düşünürdüm ki, niyə Azərbaycanda belə atmosfer yoxdu? Azərbaycanda mənalı və məzmunlu ünsiyyət artıq mümkün deyil” – deyə Əylisin şanlı övladı dərdini danışır. Üstəlik bu zaman o, Xalq yazıçısı fəxri adını özündə saxlamağı bacarmış Anarın "bostanına daş atmaq” fürsətini də qaçırmayıb. Deyib ki, "Mən "Beşmərtəbəli evin altıncı mərtəbəsi” kimi mənasız şeylər yazmamışam. Ondansa, mən əlimi kəsərdim”.
İstənilən halda görünən o ki, "Daş yuxular”ı ilə gündəmin başına dəyirman daşı kimi düşən, elə bunun da cavabı olaraq fəxri adının, nüfuzunun, illər boyu qətrə-qətrə topladığı hörmətin üstünə bir yekə daş salan xalqını bəyənməz eks "xalq yazıçımız” ötən zaman kəsiyində nəinki düşüncəsində dəyişiklik etməyib, hətta əksinə, bu qənaətləri bir qədər də möhkəmlənib. Belə olmasaydı, o, "Azərbaycan bu gün mənəviyyatın məhv edildiyi vəziyyətdədirsə, mən başqa cür necə yaza bilərdim” sualını verməzdi...
Baki-xeber.com