"Avropa İnsan Hüquqları Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin müraciətinə baxmaqdan imtina edib”. Trend-in məlumatına görə, bunu Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Azərbaycan Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov Milli Məclisdə keçirilən "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə deyib.
PA rəsmisi bildirib ki, Avropa Məhkəməsi hüquqdan uzaqlaşaraq siyasi quruma çevrilir. Qurum müstəqil məhkəmə xüsusiyyətini itirməkdədir: "Avropa Məhkəməsi ildən artıqdır ki, öz torpaqlarında erməni quldurları tərəfindən qanunsuz girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə baxmır və işə baxmaqdan imtina edib. Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailəsi tərəfindən 2014-cü ildə Avropa Məhkəməsinə müraciət edilib. Onların müraciətində Avropa Konvensiyasının əlavə protokolunun 11 maddəsinin pozulduğu iddia edilib və burada kifayət qədər tutarlı sübutlar əks olunub. Müraciətdə isə Avropa Məhkəməsində baxılması üçün presedent yaradan faktlara istinad edilib. Ancaq Avropa Məhkəməsi həmin müraciətə presedent qaydada baxmaqdan imtina edib. Bu da Avropa Məhkəməsinin qeyri-obyektivliyini göstərir”.
C.Əsgərov onu da əlavə edib ki, məsələ ilə bağlı Azərbaycan hökuməti Avropa Məhkəməsinə müraciət etsə də, bu günə kimi münasib cavab ala bilməyib.
Çingiz Əsgərov bildirib ki, Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edilməsi üçün artıq müvafiq tədbirlər görülüb.
O, bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində pozulan insan hüquqlarının dünya ictimaiyyətinə çatdırılması, insanlara dəyən zərərin təcavüzçü Ermənistan tərəfindən ödənilməsinin beynəlxalq təşkilatlarda qaldırılması barədə müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.
O, qeyd edib ki, Azərbaycan İnsan hüquqları ilə bağlı Konvensiyaya tərəfdar çıxdıqdan dərhal sonra vətəndaşların Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməsinin imkanları təhlil edilərək zəruri tədbirlərin hədləri üməyyən edilib.
Ç.Əsgərovun sözlərinə görə, qaçqın və məcburi köçkünlərlə görüşlər keçirilib və Ermənistana qarşı yüzlərlə ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilib: "Bu ərizələr arasında Xocalı sakinlərinin ərizələrində Avropa Konvensiyasının 2-ci və 3-cü maddələri rəhbər tutularaq erməni quldurlar tərəfindən onların işgəncələrə məruz qalması, yaxın qohumlarının öldürülməsi məsələləri əksini tapıb. Bu ərizələrdə Ermənistan dövləti cavabdeh kimi çıxış edir. Amma təəssüflər olsun ki, hazırda Avropa Məhkəməsində və Avropa Şurasında xoşəgəlməz hadisələrin şahidi oluruq”.