BMT Baş katibi Ban Ki Mun Suriyada 2 məktəb və 5 xəstəxananın bombalanması nəticəsində 50-yə yaxın dinc sakinin həlak olduğunu açıqlayıb. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Chicago Tribune” məlumat yayıb.
BMT Baş katibinin şəxsi nümayəndəsinin müavini Fərhan Haqqın sözlərinə görə, həlak olanlar arasında azyaşlılar da var. O deyib ki, Ban Ki Mun səhiyyə obyektləri və məktəblərin bombalanmasını "beynəlxalq hüquqn tapdanması” adlandırıb. "Sərhədsiz həkimlər”in dəstək verdiyi xəstəxanaların bombalanması nəticəsində 7 nəfərin həlak olduğu xəbər verilir. Suriyanın Rusiyadakı səfiri Riyad Həddad "Rossiya24” kanalına açıqlamasında bildirib ki, "Sərhədsiz həkimlər”in xəstəxanalarını ABŞ aviasiyası bombalayıb.
Bu arada Anadolu Agentliyi İdlibdə müxalifətin nəzarətində olan xəstəxanaların Rusiya aviasiyası tərəfindən bombalandığını xəbər verir. Agentliyin xəbərinə görə, Maaret əl-Numan əyalətində səhiyyə ocağının bombalanması nəticəsində, 5-i səhiyyə işçisi olmaqla, 14 nəfər həlak olub, 30 nəfər isə dağıntılar altında qalıb. Hazırda könüllü dəstələrinin ölü və yaralıları dağıntılar altından çıxarmaqda olduğu bildirilir. Yerli mənbələrin Agentliyə verdiyi xəbərə görə, xilas edilmiş yaralıların çatdırıldığı "Vatan” xəstəxanası da Rusiya HKQ-nin bombardmanına məruz qalıb.
Hələlik yaralı və ölü sayı haqqında dəqiq məlumat yoxdur.