Azərbaycanda Dövlət Komitəsinin keçmiş aparat rəhbəri dələduzluqda ittiham olunur. APA-nın məlumatına görə, bu barədə vəkil Adəm Məmmədov sosial şəbəkələrdə məlumat paylaşıb.
Vəkil qeyd edib ki, Azərbaycanda Dövlət Komitəsinin aparat rəhbəri vətəndaşı icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dolları alıb. Sonra isə ölkədən qaçıb. Vəkil həmin komitənin və pulu alan vəzifəli şəxsin adını açıqlamayıb.
APA-nın əldə etdiyi məlumata görə, dələduzluqda ittiham olunan şəxs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbəri Səfər İmanovdur.
Onun haqda araşdırma aparılması üçün Dövlət Komitəsi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə fevral ayının əvvəlində müraciət edilib.
Vəkil Adəm Məmmədov APA-ya açıqlamasında qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbəri Səfər İmanovla bağlı daha iki nəfər ona müraciət edərək adıçəkilən şəxs tərəfindən aldandıqlarını bildiriblər: "Həmin şəxslər də işə düzəlmək adı ilə Səfər İmanova müxtəlif məbləğdə pul verdiklərini bildirirlər. Növbəti müraciətlərlə bağlı da aidiyyəti qurumlara müraciət edəcəyik”.
A. Məmmədov həmçinin bildirib ki, S. İmanov birinci dələduzluq faktını 2012-ci ildə törədib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, S. İmanov vəzifədə olduğu müddət ərzində iki dəfə töhmət alıb. Bu il fevralın əvvəlində Komitədə S. İmanovdan şikayət edən ailə qəbul edilib. Ailənin şikayəti əsasında Dövlət Komitəsi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub.
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Komitənin sabiq Aparat rəhbəri Səfər İmanovun rüşvətxorluq və insanları aldatmaq ilə bağlı əməlləri barədə vətəndaşlar tərəfindən müraciətlər daxil olub”. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.