Artıq xəbər verildiyi kimi, Türkiyə Hərbi Hava Qüvvələri dünəndən başlayaraq PKK-nın silahlı qolu olan YPG-nin Suriyadaki mövqelərini bombalamağa başlayıb. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, Baş nazir Əhməd Davudoğlu bununla bağlı mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıb.
"Dünən və bu gün məlum terror qrupunun Suriya qanadı Rus aviasiyasının dəstəyilə Aazez şəhərini bombalayıb. Bizim məsələyə münasibətimiz bəllidir. Əlavə edim ki, hücumlar zamanı bizim sərhədlərimiz də pozulub. Hücuma məruz qalan tərəf olaraq, Silahlı Qüvvələrimiz Aazezdəki konkret hədəflərə cavab zərbələri endirib” – deyən Davudoğlu bildirib ki, məsələni telefon danışığında ABŞ vitse-prezidenti Co Baydenlə müzakirə edib. "Biz Baydenlə onun istəyi üzrə bir araya gəldik. Mən mövzunu ona konkret izah etdim və bildirdim ki, YPG dərhal Aazezi və ətrafını tərk etməlidir. Onlar humanitar dəhlizi bağlamaqdan əl çəkməlidirlər. Ayrıca, Minnak aeroportu Türkiyə müxalifətinə qarşı istifadə oluna bilməz. Bütün bunları mən Baydenin nəzərinə çatdırdım”- Baş nazir bildirib.