Prezident İlham Əliyevin Münhen səfəri çərçivəsində Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han ilə görüşdüyü xəbər verilir.
Prezidentin rəsmi internet səhifəsində yer alan xəbərə görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Əlaqələrin intensivliyi baxımından görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyətinin qeyd edildiyi söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi, səylərin bu istiqamətə yönəldilməsinin vacibliyi vurğulanıb və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayerlə də görüşüb.
Görüşdə Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişafından məmnunluq ifadə edilib. Görüşdə münasibətlərin daha da inkişaf etdirilməsi baxımından belə görüşlərin və səfərlərin əhəmiyyəti qeyd olunub. Beynəlxalq böhranın davam etdiyi və neftin qiymətinin aşağı düşdüyü bir dördə Azərbaycanda iqtisadi inkişafın, xüsusilə də qeyri-neft sektorunun daha da inkişafına diqqət yetirilməsinin, sosial proqramların icrasının təmin olunmasının əhəmiyyəti vurğulanıb.
Almaniyanın bu ildən ATƏT-ə sədrliyi dövründə Azərbaycanla bu təşkilat arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Baki-xeber.com