Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Şuradan baki-xeber.com-a verilən xəbərə görə, MŞ sədrinin müavini Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri 3 kütləvi informasiya vasitəsi barədə müraciətləri araşdırıblar.
İlk olaraq «Medaz.az» saytı ilə bağlı iki şikayətə baxılıb. Komissiya həm 48 saylı Notariat kontorunun, həm də Bakı şəhər 223 saylı körpələr evi - uşaq bağçasının narazılığını doğuran yazıların «reket jurnalistika»ya xas tərzdə təqdim olunduğu qənaətinə gəlib: "Belə ki, hər iki mətbu materialda kifayət qədər ciddi ittihamlar yer almasına baxmayaraq, sayt bunların nə dərəcədə həqiqətə uyğunluğunu təsdiqləyə biləcək sənədlərə, dəlil-sübutlara istinad etməyib. Əksinə qüsurlu materialları müvafiq qurumlara ünvanlamaqla onların təhdidlərə məruz qalmasına cəhdlər göstərib”.
İclasda bütün bunlar əsas götürülərək məsələnin MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında da araşdırılması məqsədəmüvafiq sayılıb: "Komissiyanın təqdimatında «Medaz.az» saytının adının Mətbuat Şurasının «qara siyahı»sına salınması üçün hansı əsasların olduğuna aydınlıq gətiriləcək”.
Şikayətlər üzrə Komissiya «Korrupsiya və cəmiyyət+» qəzeti barədə də eyni rəyi çıxarıb: "MŞ-yə daxil olan müraciətdə mətbu nəşr rəhbərliyinin jurnalist fəaliyyətinə kölgə salan işlə - diplom satışı ilə məşğul olduğu göstərilsə də, onlar müzakirəyə qatılmayıb. Buna görə məsələnin araşdırılması Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına həvalə edilib”.