Fevralın 12-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində mövqelərimizə basqın etməyə cəhd göstərib. Baki-xeber.com bu barədə Müdafiə Nazirliyinin mətbuat xisdmətindən məlumat əldə edib.
Xidmətin məlumatında deyilir ki, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin ehtimala görə, düşmən 5-7 nəfər itki verib.
Silahlı Qüvvələrimiz heç bir itki verməyib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Qeyd edək ki, adəti üzrə Ermənistan tərəfi faktı təsdiqləmir, hətta əksinə, təşəbbüsün Azərbaycan tərəfindən edildiyi barədə xəbər yayıb. Bildirilir ki, dünən saat 16:00 radələrində guya Azərbaycan tərəfinin "İstiqlal” snayperindən açdığı atəş nəticəsində Martuni rayonunun Vazgenaşen kəndinin dinc sakini – 1962-ci il təvəllüdlü çoban Akop Ambarsumyan ölüb.
Azərbaycanın hərbi ekspertləri erməni tərəfinin bu kimi dezinformasiyalarının iki məqsədə xidmət etdiyi qənaətindədir: birincisi, hərbçi ölümlərini ictimaiyyətdən mümkün qədər gizləmək, ikinci, snayperlərin təmas xəttindən yığışdırılması yönündə artıq etdikləri uğursuz cəhdləri yenidən gündəmə daşımaqdan ötrü zəmin yaratmaq və bu tələbin beynəlxalq miqyasda Azərbaycana tətbiqinə nail olmaq.