Türkiyənin "Sabah” qəzeti Azərbaycandan üzr istəyib. APA-nın məlumatına görə, bu barədə qəzetdə material dərc edilib.
Üzrxahlıqda bildirilir ki, fevralın 6-da "Sabah” qəzetində "Türkiyənin turizm təcrübələrindən faydalanırıq” başlıqlı yazı dərc olunub. Xəbərdə yer alan Azərbaycan xəritəsində səhv nəticəsində Dağlıq Qarabağ bölgəsi və onun ətrafında olan torpaqlar başqa ölkənin sərhədləri daxilində göstərilib. Qeyd olunur ki, Azərbaycanın Ankaradakı səfirliyi qəzetin redaksiyasına etiraz məktub ünvanlayıb. "Xəbəri düzəldirik və üzr istəyirik”, - deyə, qəzetin üzrxahlıq mətnində bildirilir.
Yazıda Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən göndərilən məktubun mətni də yerləşdirilib. Məktubda göstərilib ki, Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır: "1994-cü ildə atəşkəs haqqında müqavilənin imzalanmasına baxmayaraq, atəşkəs rejimi təmas xəttində Ermənistan ordusu tərəfindən tez-tez pozulur. BMT, ATƏT, Avropa Parlamenti və s. beynəlxalq təşkilatlar, eyni zamanda Türkiyə də daxil olmaqla, bir çox ölkələr tərəfindən bu işğalın beynəlxalq hüququn normalarının pozulması səbəbindən qəbuledilməz olduğu təsdiq edilib”.