Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin ölkəsinin "Komsomolskaya pravda” qəzetinə müsahibə verib. Baki-xeber.com-un xəbərinə görə, müsahibəsində Azərbaycanın turizm potensialını yüksək qiymətləndirən səfir deyib ki, həmvətənlərinin turizm bölgəsi kimi Azərbaycana üstünlük verməsinə çox sevinərdi.
"Mən 4 milyon rusiyalının turizm bölgəsi kimi Türkiyə əvəzinə Azərbaycanı seçməsindən çox şad olardım” – o deyib. Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycanın son illər dinamik inkişafına diqqət çəkən səfir onu da deyib ki, Azərbaycanın turizm sektoru hələlik milyonlarla turist qəbul etmək imkanında olmasa da, bu templə inkişaf nəticəsində həmin imkanları əldə etməsi tezliklə mümkün görünür.
Xatırladaq ki, Türkiyə ilə Rusiya arasında ötən ilin noyabr ayında yaşanan təyyarə olayı bu iki ölkə arasında münasibətlərin kəskin pisləşməsinə gətirdi ki, bu pisləşmənin nəticəsi olaraq Rusiya öz vətəndaşlarının Türkiyədə istirahətini yasaqladı. Lakin Türkiyənin turizm sektorunu hədəfləyən bu qadağa Rusiyanın özünə də təsirsiz ötüşmədi. O üzdən hazırda ölkənin turist kontingenti istirahət üçün alternativ ölkə axtarışındadır.