Ağ Evin saytında Barak Obamanın "törətdiyi hərbi cinayətlərə görə məsuliyyətə cəlb olunmasını” tələb edən petisiya yerləşdirilib. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, artıq petisiyanı 1800 nəfər imzalayıb.
"Biz Barak Obamanın hərbi cinayətlərdə ittiham olunmasını və barəsində Haaqa Beynəlxalq məhkəməsində proses başladılmasını tələb edirik. O təkcə ABŞ vətəndaşlarına qarşı deyil, bütün dünyaya qarşı cinayətlərdə suçludur” – deyə petisiya mətnində deyilir. Sənəd müəlliflərinin fikrincə, Obama Kubada Quantanamo həbsxanasının hələ də bağlanmamasına, Liviyanın dağıdılmasına, Suriyada "terrorçu qrupların” maliyyələşdirilməsinə görə ittiham olunmalıdır. ABŞ prezidentinin günahları sırasında "terrorizmlə mübarizə adı altında Amerika vətəndaşlarının şəxsi göstəricilərinin toplanması” və "siyasi opponentlərin elektron vasitələr tətbiq olunmaqla izlənməsi” də yer alır.
9 mart tarixinə kimi 100 min imza toplanarsa, Ağ Ev administrasiyası petisiyanı müzakirə edəcək.