08 fevral 2016-cı il tarixində gecə saatlarında İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən kanala düşən xarici ölkə vətəndaşlarına ETSN tərəfindən ov icazəsi verilməyib. Bu barədə baki-xeber.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat əldə edib.
Məlumatda bildirilir ki, aparılan araşdırmalar zamanı Səudiyyə Ərəbistanı və Qətər vətəndaşları və onları ölkəyə dəvət edənlər tərəfindən müvafiq ov icazəsinin alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı müraciət olunmadığı ortaya çıxıb. Ona görə də, onların ov icazəsi olmaması səbəbindən gecə saatlarında qanunsuz olaraq ov sahəsinə çıxdıqları ehtimal olunur.
Xatırladaq ki, 08 fevral 2016-cı il tarixində gecə saatlarında xarici ölkə vətəndaşlarının İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən idarə etdikləri "Toyota Prado” markalı avtomobil su kanalına düşüb. Nəticədə 1 nəfər Səudiyyə Ərəbistanı və 1 nəfər Qətər vətəndaşı suda boğularaq ölüb, 1 nəfər Qətər vətəndaşı isə yaralanıb.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.