Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlov RİA”Novosti”yə açıqlamasında Rusiyanın "Türk axını” layihəsindən imtina etmədiyini bildirib. Lakin onu da qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərinin indiki böhranlı dövründə layihənin taleyilə bağlı konkret fikir söyləmək çətindir.
"Rusiya "Türk axını”ndan imtina etmir, lakin böyük hesabla, top hazırda Türkiyənin qapısındadır. İndiki şəraitdə layihənin gələcək taleyilə bağlı proqnoz vermək bir qədər çətindir. O üzdən biz Türkiyədən gərəkən addımı ataraq bu gərginliyə son qoymasını gözləyirik” – o deyib. Karlov o nu da bildirib ki, Rusiya "Akkuyu” AES layihəsindən də imtina etmək niyyətində deyil.
Xatırladaq ki, ötən ilin noyabrında Rusiya hərbi təyyarəsinin Türkiyənin hava sərhədini pozması və onun vurulmasından sonra iki ölkə arasında münasibətlər görünməmiş dərəcədə pisləşdi. Rusiya bu münasibətlərin yoluna qoyulması üçün Türkiyənin üzr istəməli olduğunda israr edir, Türkiyə tərəfi isə haqlı olduğunu bildirir və üzr istəmək barədə düşünmədiyini bəyan edir.
Baki-xeber.com