İmişlidə Qətər və Səudiyyə Ərəbistanı vətəndaşları ağır yol qəzasına düşüb.
Baki-xeber.com-un APA-ya istinadən xəbərinə görə, gecə saatlarında bir qrup ərəb mənşəli vətəndaş İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində ov edərkən idarə etdikləri "Toyota Prado” markalı avtomobil su kanalına düşüb. Nəticədə avtomobilin sürücüsü, 45 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Salam Əli Əlmari və sərnişin, Qətər vətəndaşı,37 yaşlı Misali Zeyd Əl Subuhi suda boğularaq ölüb. Daha bir nəfər - 26 yaşlı Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabi İmişli rayon xəstəxanasına yerləşdirilib.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Ölən şəxslər sudan çıxarılaraq İmişli rayon patoloji anatomiya və tibbi ekspertiza mərkəzinə təhvil verilib.
İmişlidə yol qəzasına düşərək yaralanan Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabinin vəziyyəti kafi qiymətləndirilir. Bu barədə "Trend”-ə İmişli rayon xəstəxanasının baş həkiminin müavini Fərahim Məlikov deyib. Onun sözlərinə görə, 26 yaşlı Qətər vətəndaşı yüngül xəsarətlər alıb, onun sol çiyni sıyrılıb, boynu əzilib: "Xəstədə heç bir sınıq qeydə alınmayıb. O, bu gün xəstəxanadan çıxarılacaq".
Faktla bağlı İmişli Rayon Polis şöbəsində araşdırma aparılır.