Krımın siyasi repressiya qurbanlarının hüquqlarının bərpası üzrə komissiyası yarımadanın bir sıra şəhər və kəndlərinin sovet dövründə məqsədli şəkildə dəyişdirilmiş adlarının bərpasına qərar verib. Baki-xeber.com-un xəbərinə görə, bu barədə TASS məlumat yayıb.
"Beləliklə də Rusiya repressiyaya məruz qalmış xalqların, o cümlədən də krım-tatar xalqının mədəni hüquqlarının reabilitasiyasına öz töhfəsini vermiş olacaq. Artıq Krım ərazisində bir çox coğrafi obyektlər tarixi adını bərpa etmiş olacaq” – deyə Baş nazirin müavini Ruslan Balbek bildirib. Onun sözlərinə görə, ilk dəfə arxiv materialları əsasinda Krım üzrə tarixi adların tam və dəqiq siyahısı tərtib edilib. Siyahıda 335 kənd, 1059 digər yaşayış məntəqələrinin adları yer alıb. Balbek həmin adlardan bir neçəsini nümunə də göstərib: Feodosiya – Kefe, Starıy Krım – Eski Krım, Beloqorsk – Karasubazar... Baş nazirin müavini deyib ki, burada söhbət təkcə tatarlardan deyil, həm də bolqar və yunanlardan gedir. O eyni zamanda bildirib ki, ictimaiyyət arzu edərsə, bütün tarixi adların bərpası məsələsinə baxıla bilər.