Amerika idmançıları 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarına qatılmaya bilər.
Baki-xeber.com-un lenta.ru saytına istinadən xəbərinə görə, buna səbəb Braziliyada ölümcül "Zika” virusunun yayılmasıdır.
"Reuters”in xəbərinə görə, ABŞ-ın Milli Olimpiya Komitəsi ölkənin idman federasiyalarına müraciət edərək bildirib ki, idmançılar özlərini təhlükəsiz hiss etmirlərsə, bu Oyunlara getməməlidirlər.
Qeyd edək ki, fevralın əvvəllərində Braziliyada hamilə qadınlara Oyunlara getməmək tövsiyə olunub. Ölkənin prezident administrasiyasının başçısı Jak Vaqner deyib ki, sözügedən virus əhalinin digər kateqoriyaları üçün ciddi təhlükə daşımır. Lakin Ümumdünya Səhiyyə Təşkilatı elə həmin tarixdə açıqlama yayaraq "Zika” virusunun dünya miqyasında təhlükə daşıdığını bildirib və onun yayıldığı ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq etməyə çağırıb. Eyni zamanda xəbərdarlıq edib ki, Şimali və Cənubi Amerika ölkələrində 3-4 milyon insan virusun risq zonasına düşə bilər.
Xatırladaq ki, 2016-cı ilin Yay Olimpiya Oyunları 5-21 avqust tarixlərində Rio-de-Janeyroda keçiriləcək.