Avropadan turist axınının səngiməsi Rusiyanı bu sektora yeniliklər tətbiq etmək məcburiyyətində qoyub. Baki-xeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, son illər bu ölkəyə tətbiq olunan iqtisadi sanksiyalar, bir çox sahələr kimi, turizm sektorunun da əhəmiyyətli şəkildə itkilərə məruz qalmasına səbəb olub. Bu itkini kompensasiya etmək üçün ilk əvvəl Rusiyanın üzünü müsəlman ölkələrinə çevirdiyi xəbər verilir. Bildirildiyinə görə, hazırda turizm sektorunu əhatə edən otel və digər obyektlərdə maraqlı üsulun tətbiqinə start verilib – personala şəriət öyrədilir. Eyni zamanda müştərilərə təklif olunan xidmət və əşyaların sırasına namaz xalçaları əlavə edilib.
Beləliklə, bundan sonra Rusiyaya gələn turistlər rus personaldan , məsələn, qiblənin istiqaməti və digər bu kimi məlumatlar ala biləcək, onlara yalnız halal menyu təklif olunacaq və istəyə görə qadın turistlərə yalnız qadın personalın xidmət etməsinə xüsusi fikir veriləcək.